Please ensure Javascript is enabled for purposes of website accessibility

“ABAD” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi imzalanıb

13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədinin imzalanma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, son illər Respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Və bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni qurum - “ASAN xidmət” təsis edildi. İnam Kərimovun sözlərinə görə, mərkəzlərin yaradılması ilə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoydu. Sədr onu da qeyd edib ki, Azərbaycan dövlətinin vətəndaşlarımızın həyatını asanlaşdırmağa yönəlmiş növbəti addımlardan biri də  “ABAD” mərkəzlərinin  yaradılması oldu. “Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD”-ın xüsusi yeri var. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır və Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir” - deyə İnam Kərimov əlavə edib.

Daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “ASAN xidmət”-in Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizədə və yaxşı idarəçilik baxımından effektli layihə olduğunu bildirdi. O, “ASAN xidmət” və “ABAD” publik hüquqi şəxsi ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Və bu işdə bütün tərəflərə uğurlar arzuladı.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai öz çıxışında ilk öncə yeni açılmış Quba “ASAN həyat” kompleksi münasibəti ilə ASAN ailəsini təbrik etdi. O qeyd etdi ki, Azərbaycanın brendi olan “ASAN xidmət” BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək mükafat və diplomla təltif olunub. Qulam İshaqzai bildirdi ki, layihənin məqsədi Balakəndə “ABAD” regional mərkəzə geniş dəstək verməklə Şəki-Zaqatala iqtisadi zonasında kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai ““ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" əməkdaşlıq müqaviləsini imzalayıblar. 

A- A A+

Digər press-relizlər