Please ensure Javascript is enabled for purposes of website accessibility

Aİ, BMTİP və “ABAD” birgə layihə həyata keçirir

1 dekabr 2018-ci il tarixində Balakəndə “ABAD” regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi çərçivəsində seçilmiş ailələrlə görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müvafiq layihənin Balakən rayonunun əhatə dairəsinə daxil olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, 6 inzibati rayonu əhatə edən bu layihə region sakinlərinin məşğulluq və inkişaf potensialının artırılmasında mühüm rol oynayır.

Layihənin maliyyə dəstəkçisi olan Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Layihənin icraçı tərəfdaşı Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai qeyd edib ki, layihə nəinki kiçik ailə müəssisələrinə dəstək verilməsində, o cümlədən vətəndaşların peşə təhsilinin təmin edilməsində böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “ABAD”ın məqsədləri, fəaliyyəti eləcə də beynəlxəlq sferada əməkdaşlığın müsbət nəticələrindən bəhs edib. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihə də öz növbəsində bu regionlarda yaşayan sakinlərin əlavə gəlir mənbəyi əldə etməsi üçün əlverişli imkanlardan biridir.

Tədbirin rəsmi hissəsindən sonra nümayəndə heyəti və tədbir iştirakçıları layihənin təqdimatını dinləyib, ABADçılar və onlar üçün yaradılmış şəraitlə yerində tanış olublar.

13 dekabr 2017-ci il tarixində imzalanmış layihənin əsas məqsədi Balakəndə “ABAD” regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Bu çərçivədə Şəki-Zaqatala iqtisadi rayonundan 23-i qadın, 21-i kişi olmaqla, ümumilikdə 44 ailə seçilmişdir ki, bunların da 12-si məcburi köçkün ailəsidir.

A- A A+

Digər press-relizlər