Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan VI “Dünya Hökumət Sammiti”ndə təmsil olunub

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti VI “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə BƏƏ-nin Dubay şəhərinə səfər edib.

“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində  4000-dən çox qonaq iştirak edir. Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Sammit çərçivəsində 4-cü sənaye inqilabı dövründə hökumətlərin yeni çağırışlara adaptasiyası, süni intellekt, data analiz, robot texnologiyaları və ağıllı şəhər elementlərinin idarəçiliyə effektiv tətbiqi ilə bağlı bir sıra təqdimat, dəyirmi masa və seminarlar keçirilib.  

“Dünya Hökumət Sammiti” Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla bir sıra mühüm beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov bir sıra dövlət rəsmiləri və şirkət nümayəndələri ilə görüşlər keçirib.

Misir Ərəb Respublikasının planlaşdırma və inzibati islahatlar naziri Hala El-Sayed, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader, Portuqaliyanın inzibati modernləşdirmə üzrə naziri Maria Markeş,  Uqanda Respublikasının dövlət xidmətləri naziri Wilson Muruli Mukasa ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib.

Görüşlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib.  “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN 2.0”, “ABAD” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb və qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, səfər çərçivəsində “ASAN Viza”nın tanıdılması, “ASAN viza 2.0” layihəsinin və  yeni effektiv həllərin tətbiqi məqsədi ilə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri və Etihad, Air Arabia rəsmiləri ilə görüşlər keçirilib, əməkdaşlığa dair ilkin razılıq əldə olunub. 

A- A A+

Digər press-relizlər